8 Noyabr - Artıq bu gündən etibarən Azərbaycanın tarix kitabları yenidən yazılır, Zəfərdən bəhs edən gözəl şeirlər qələmə alınır. Artıq bu tarixdən etibarən Zəfər nəğmələri bəstələnir, şanlı Zəfər yolundan bəhs edən kitablar yazılır. Çünki 8 noyabr Zəfərlə bərabər milyonlarla soydaşımızın 30 illik həsrətinin bitdiyi, dədə-baba yurdlarımızın düşmən tapdağından azad edildiyi vüsal günüdür. İnanıram ki, mənfur düşmənin xarabalığa çevirdiyi hər yeri Ali Baş Komandanımızın rəhbərliyi ilə cənnətə çeviririk və Qarabağa yeni nəfəs veririk.
Artıq ölü torpaqlar dirilir, xarı bülbüllər çiçək açır, Qarabağa yeni həyat gəlir. Onu da qeyd etmək istəyirəm ki, 8 Noyabr Zəfəri təkcə hərbi zəfər deyil, həm də Azərbaycanın siyasi və hüquqi arenada qazandığı zəfərdir. 8 Noyabr təkcə Azərbaycanın deyil, həm də bütün Türk dünyasının zəfər günüdür. Bu şanlı Zəfərin sayəsində bütün Türk eli bir-birinə daha da yaxınlaşdı. Azərbaycanın Zəfəri hər bir türkün qüruruna çevrildi. Bu gün dünyanın hər yerindən türk xalqları öz təbrik mesajları ilə bir daha necə qürur duyduqlarını dilə gətirirlər. Təbrik mesajlarını “Allah Azərbaycanı qorusun!”, “Can Azərbaycan, yanındayıq!”, “Azərbaycanın zəfəri bizim zəfərimizdir!”, “Qarabağ Azərbaycandır!” nidaları ilə tamamlayaraq haqlı mübarizədə yanımızda olduqlarını bildirirlər.
Bu gün Qarabağın hər qarışında, hər daşında şəhidlərin qanı, şəhidlərin nəfəsi vardır. Onlar bizlər və gələcək nəsillər üçün öz canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar. Öz qanlarıyla Şanlı tarixi yazanlar özləri də əbədi olaraq tarixdə yaşayacaqlar. Onlar bu Vətəni necə sevmək gərəkdiyini öz canları bahasına göstərdilər. Əziz şəhidlərimiz, ruhunuz şad olsun!
Lakin Zəfəri qazanmaq qədər onu qorumaq da şərəfli bir borcdur. Bu şərəfli vəzifə bizə və bizdən sonra gələcək nəsillərə aiddir. Biz də hər birimiz bu Vətənin övladı olaraq Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, Azərbaycanın, Qarabağ torpaqlarının yenidən çiçəklənməsi üçün əlimizdən gələni edəcəyimizə söz veririk!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Fuad Əsədov
153 saylı məktəbin direktoru