Bəli, bu günlərdə 30 il səbrsizliklə gözlədiyimiz möhtəşəm tarixi Zəfər Gününü bayram edirik. 8 noyabr 2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü olaraq keçən, Qarabağa qovuşduğumuz tarixi gündür. Bu tarix xalqımızın və ordumuzun Ali Baş Komandanın ətrafında sıx birləşərək Qarabağ münaqişəsinə, illərdən bəri yaşadığımız haqsızlığa “Dəmir Yumruq”la son qoyduğu gündür!
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının iftixar və qüruruna, tariximizin ən parlaq səhifəsinə çevrildi. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini bir daha nümayiş etdirdi və arzusuyla yaşadığımız bu Zəfəri həqiqətə çevirdi! Bu zəfər sadəcə müharibə meydanında deyil, diplomatik sferalarda da reallaşdı. Çünkü Ali Baş Komandan İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük qərarlılıq göstərərək informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi və 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində 30 ilə yaxın davam edən münaqişədə Ermənistanın məğlubiyyətinə, hərbi kapitulasiya elan etməsinə nail oldu. Bu çətin günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə bir yumruq kimi birləşərək təkcə Ermənistana yox, bütövlükdə haqsız güclərə sübut etdi ki, biz haqq yolunda, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” isə iki ölkə arasında var olan qardaşlığı daha da gücləndirdi və artırdı. Bu haqlı savaşda “Azərbayacan yalnız deyil!” deyərək Türkiyə hər məqamda Azərbaycanın yanında yer aldı. Türk xalqı 44 günlük müharibədə Azərbaycana mənəvi, siyasi, diplomatik dəstəyini əksik etmədi. Bu çətin günlərdə 85 milyonluq Türkiyənin qəlbi Azərbaycanla birlikdə ataraq, hər dəqiqə cəbhədən gələn xəbərləri gözlədi.
Beləliklə, Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən əlində inləyən Vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə Müzəffər Azərbaycan Ordusu və onu rəşadətli sərkərdəsi dünyaya sübut etdi ki, artıq biz fəzada öz imzamızı atdığımız kimi, ağlımız və zəkamızla, müasir texnikalar, insansız hava vasitələri PUA-larla döyüşdə böyük nailiyyət qazandıq. Şuşa qalasının alınması əməliyyatı isə əsgər və zabitlərimizin igidliyinin əfsanələşdiyi bir tarixə çevrilmişdir.
Bu mənada Prezident, cənab İlham Əliyev xalqa müraciətində bildirdiyi kimi, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın alınması çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə, yaralı və şəhid yoldaşlarını hərb meydanında qoymadan, onları kürəklərinə sarıyaraq azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət göstərərək düşmənin milyonlarla vəsait sərf edərək qurduğu nəhəng istehkamları qısa müddətdə darmadağın etdi, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə öz imzasını atdı. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı: Ya Ermənistan ordusunun son tör-töküntüləri ilə döyüş meydanında məhv ediləcək, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini qəbul edərək birdəfəlik torpaqlarımızdan rədd olacaqdı. Uzun illərdən bəri Azərbaycanın gücünü, qüdrətini görməzdən gələn Paşinyan hakimiyyəti məhz hərb meydanında əsl reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldıraraq, kapitulyasiya bəyannaməsini imzaladı.
Bununla da, “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır!”, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusu reallaşdı. Ulu Öndərin məzarını ziyarət edərkən Ali Baş Komandan etdiyi çıxışında: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” sözləri hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissləri oyandırdı.
Bu gün Azərbaycan xalqı Qarabağa qovuşdu, tarixi Zəfərə rəşadətli ordusu və müzəffər sərkərdəsiylə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda edilən soyqırım və terror hücumları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı və işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli zabit və əsgərlərimiz oldu. 30 ildən sonra Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, bir qarış torpağını belə heç kəsə verən deyil!
Səbahət Ağayeva
209 saylı tam orta məktəbin direktoru