Bu Şəhərdə

44 GÜNLÜK ZƏFƏR SALNAMƏSİ

Tarix:1-11-2024, 17:56
Baxış Sayı:616

 

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.  Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı.

Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı  müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.

Qəhrəman döyüşçülərimiz sentyabrın 27-dən, Vətən müharibəsinin elə ilk günündən ön cəbhə xəttini uğurla yardı, yaşayış məntəqələrimizi, yüksəkliklərimizi işğaldan azad edərək xalqımızın 30 illik Qarabağ yarasına məlhəm çəkdi. Döyüş başlayandan qısa müddət sonra Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər düşməndən azad edildi.

2020-ci il noyabrın 8-də isə şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Qarabağın tacı Şuşada dalğalandırdı igidlərimiz düşməni qarşılarında diz çökdürərək onun müqavimət istəklərini birdəfəlik sındırdılar.

Qəhrəman Azərbaycan döyüşçüləri 9 Noyabr Bayraq Günümüzdə işğal altında olan daha 70 kəndimizi azad edərək xalqımıza qələbə sevinci yaşatdılar.
10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

Azərbaycan xalqı ötən il Zəfər müharibəsinin 44 gününün hər birini Zəfər sevinci ilə yaşadı. Soydaşlarımız gecə-gündüz ekranların qarşısından çəkilməyərək Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini səbirsizliklə, böyük həyəcanla gözlədi.

Ümumiyyətlə, sentyabrın 27-dən dekabrın 1-nə qədər olan müddət ərzində yenilməz sərkərdə İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollanaraq onların əziz ruhu qarşısında baş əydilər.

Bu 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una  dönərək düşmənin başını əzdi.
Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər. Döyüş meydanından kilometrlərlə uzaq olan yaşayış məntəqələrimiz faşist xislətli düşmən tərəfindən atəşə tutulanda o bölgələrin sakinləri “ölsək belə, yurdumuzu tərk etmərik” söylədilər. Həqiqətdir ki, 44 Zəfər gününün qürur, fəxarət anları bir yazıya sığmayacaq qədər çoxdur... Təkcə onu vurğulayaq ki, heç kəs torpaqlarımız işğaldan azad olunmayana qədər müharibənin dayanmasını istəmirdi. Bircə gün cəbhədən qələbə xəbəri gəlməyəndə, “görəsən nə olub, müharibə dayanmayıb ki?!” deyə narahatlıq keçirirdilər.

Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı.



Dr. Elviz Qasımov

Ortoped travmatoloq 

COVID-19 ağciyə elə zərbə vurur ki... - ŞOK ARAŞDIRMA
COVID-19 ağciyə elə zərbə vurur ki... - ŞOK ARAŞDIRMA
Qarakənd faciəsindən 33 il ötür
Qarakənd faciəsindən 33 il ötür
BMT-dən Ukrayna münaqişəsi ilə bağlı HƏYƏCANLI AÇIQLAMA
BMT-dən Ukrayna münaqişəsi ilə bağlı HƏYƏCANLI AÇIQLAMA
Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
Azərbaycan hərbçiləri İrəvana getməkdən İMTİNA ETDİLƏR
Azərbaycan hərbçiləri İrəvana getməkdən İMTİNA ETDİLƏR
Tramp sülhə nail olsa, bu ölkələr Ukraynaya qoşun göndərəcəklər - DETALLAR
Tramp sülhə nail olsa, bu ölkələr Ukraynaya qoşun göndərəcəklər - DETALLAR
Tbilisidə xaos: Həbs olunanlar var – Müxalifət “səyyar aksiya” elan etdi
Tbilisidə xaos: Həbs olunanlar var – Müxalifət “səyyar aksiya” elan etdi