Bu Şəhərdə

Politoloq: "Qarabağdakı separatçılar ermənilərin başına oyun açıblar"

Tarix:18-10-2024, 10:49
Baxış Sayı:0

Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçən ermənilərin ərazilərimizə qayıdışı ilə bağlı xüsusən də Qərb dairələrinin çağırışları gündəmdən düşmür. Məsələnin ən maraqlı tərəfi isə budur ki, Qərb ölkələri və təşkilatları Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin üzərindən xeyli müddət keçsə də, ermənilərdən daha çox erməni kimi davranır, onların hüquqlarını öz hüquqları kimi müdafiə etməyi qarşılarına məqsəd qoyurlar. Üstəlik, bu məsələdə Azərbaycanla müzakirə aparmayaraq, bununla həm də ölkəmizin daxili işlərinə qarışdıqlarını göstərirlər. Halbuki, Qarabağı könüllü şəkildə tərk edən ermənilərin heç özlərinin belə bir iddiası yoxdur, lakin ABŞ başda olmaqla kollektiv Qərb məqsədyönlü şəkildə onları öz çirkin oyunlarına alət etmək istəyir ki, bununla da regionda məkrli planlarını asanlıqla həyata keçirə bilsin.

Hətta Prezident İlham Əliyev bu məkrli planları dəfələrlə alt-üst edərək bildirib ki, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər:

"Onların Ermənistan adlı dövləti var. Yox, bu ölkəni istəmirlərsə, gedib çoxluq təşkil etdikləri Fransada, ABŞ-də öz müqəddəratlarını həll etsinlər. Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmayacaq. Həqiqətən də, Qərb ermənilərin taleyindən bu qədər narahatdırsa, niyə gedib öz qütblərinə məxsus ölkələrdə onların aqibətini həll etmir?"

Oktyabrın 16-da isə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk edən ermənilərin geri qayıtması ilə bağlı sualını cavablandırarkən jurnalisti sözün əsl mənasında pərt edib:

"Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası üçün bütün imkanları təmin edib. Biz dəfələrlə Bakının konstruktiv addımlarını vurğulamışıq ki, bu, əhalinin geri qayıtmasına yönəlib. Qayıtmaq imkanı var idi və indi də var. Sadəcə, bu imkandan yararlanmaq lazımdır. Rəsmi İrəvan insanların geri qayıtmasını asanlaşdırmaq üçün nəsə edib?"

Bir sözlə, nə Qarabağı könüllü tərk edən ermənilər, nə də rəsmi İrəvanın bu istiqamətdə heç bir təkidi və iddiası olmadığı halda, qərəzli ölkə və təşkilatlar hər vəchlə bu məsələni gündəmdə saxlamaq istəyir, bundan təzyiq və təsir aləti kimi yararlanmağa çalışırlar.

Mövzu ilə bağlı danışan beynəlxalq münasibətlər üzrə şərhçi Yeganə Hacıyeva qeyd edib ki, bu gün elə bir təəssürat yaranıb ki, Ermənistan və ermənilər kənarda dayanıblar, amma havadarları onların maraqlarını özlərindən daha yaxşı qoruyurlar:

"Lakin prosesin nüvəsində Ermənistanın özünün istəyi dayanır. Çünki vaxtilə Azərbaycana və Türkiyəyə qarşı erməni kartından istifadə edən erməni lobbisi və təsiri altında olan hökumətlər indi də aktiv tərzdə bu maraq ətrafında yenidən cəmlənməyə çalışırlar. Onu qeyd etmək lazımdır ki, burada, sadəcə, maliyyə deyil, həm də şantaj və şər-böhtan vasitələrindən istifadə edilir. Xüsusən də Azərbaycana qarşı təzyiq olaraq iqtisadi layihələrdən, regional kommunikasiya imkanlarından istifadə edirlər".

Ekspert Qarabağı könüllü olaraq tərk edən ermənilərin özlərinin niyə buna reaksiya vermədiklərini belə əsaslandırıb:

"Çünki onların əlinə illərdir arzu etdikləri imkan düşüb. Birdən-birə Avropaya, Amerika Birləşmiş Ştatlarına köçmək imkanı əldə ediblər. Qarabağ işğaldan azad ediləndən sonra onların hansı acınacaqlı şəraitdə yaşadıqları üzə çıxdı və onların elə bir şəraitdə necə yaşadıqları hamıda suallar yaratdı. Ona görə də əllərinə düşən fürsəti dəyərləndirdilər. Qərb də bundan guya onların hüquqlarını qoruyurmuş görüntüsü yaratmaq, əslində isə onlardan bizə qarşı alət kimi istifadə etməyə çalışır. Bir sözlə, onların üzərində çoxşaxəli oyunlar gedir".

"Qarabağdan getmək istəməyən ermənilər heç yerə getməyiblər və bu gün də Qarabağda yaşayırlar. Gedənlər isə daha yaxşı həyat üçün Avropaya, Amerika Birləşmiş Ştatlarına öz istəkləri ilə gediblər deyə geri qayıtmaq istəmirlər. Çünki hərbi xunta, qondarma rejimin rəhbərləri 30 il ərzində onları əsarətdə saxlayıb, hüquqlarını pozub, işgəncələrə məruz qoyub. Qeyd etmək yerinə düşər ki, işğal illərində separatçıların məhz həmin ermənilərin başına açdığı oyunlarla bağlı britaniyalı araşdırmaçı Harold Keyn "Dağlıq Qarabağ" kitabını yazıb. Kitabda hərbi xuntanın onları başına açdığı oyunlar, onların istismar edilmələri, insan alverinə, narkoticarətə cəlb olunmaları və s. cinayətlər faktlarla qeyd edilib. Onlar da ilk fürsətdə bu işgəncələrdən canlarını qurtarıb xarici ölkələrə gediblər. İndi ən arzu etdikləri statusdadırlar", - deyə Hacıyeva əlavə edib.

Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI