2020-ci il oktyabrın 16-sı, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirminci günü.
Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə məruz qoyur. Azərbaycan Müdafiə Nazirliyi həmçinin bir gün əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad ərazisinə raket zərbəsi endirildiyini, lakin xoşbəxtlikdən sakinlərə və mülki obyektlərə zərər dəymədiyini bildirir.
Ermənistandan fərqli olaraq mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd "T-72" tankı, bir ədəd "BM-21" "Qrad" YARS, beş ədəd "D-30" haubitsa topu, iki ədəd "ZSU-23-4 Şilka" özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş səkkiz ədəd avtomobil texnikası məhv edilir və ya sıradan çıxarılır.
Bütün bunların fonunda Prezident İlham Əliyev sosial şəbəkə hesabında xalqa növbəti müjdəni verir. Ölkə başçısı rəşadətli Azərbaycan Ordusunun Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad etdiyini bildirir.
Müharibə Ermənistanın informasiya cəbhəsində də məğlub olması ilə davam edir. Prezident İlham Əliyev bu dəfə Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində erməni faşizminin növbəti təzahürlərindən danışır:
"Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik".
Bir sözlə, müharibənin iyirminci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.