İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar bölgədə sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunması üçün unikal şərait yaradıb. Ermənistan isə artıq dörd ildir ki, bu imkandan istifadə etmək əvəzinə, müxtəlif yollarla sülh prosesindən yayınır, saxta iddialarla çıxış edir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl "Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti" adlı forumda çıxışı zamanı növbəti dəfə Azərbaycana qarşı heç bir əsası olmayan iddialar səsləndirib. O, Azərbaycandakı "hərbi əsirlər"in Ermənistana qaytarılmadığını iddia edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə N.Paşinyanın bu iddialarına cavabında bildirib ki, Ermənistan tərəfinin "hərbi əsirlər"in qaytarılmadığını iddia etməsi gülüncdür.
Qeyd olunub ki, Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib:
"Erməniəsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil".
Aydın məsələdir ki, bu, rəsmi İrəvanın destruktiv mövqeyinin növbəti təzahürüdür. Məsələ burasındadır ki, Azərbaycanda heç bir hərbi əsir yoxdur. Hərbi əsirlər döyüş zamanı ələ keçirilən hərbçilərə deyilir. Onlar isə çoxdan qarşı tərəfə qaytarılıb.
Böyük ehtimalla N.Paşinyan Azərbaycanda hərbi əsirlərin olduğunu deməklə hərbi cinayətkarlara və separatçı rejimin nümayəndələrinə işarə edir. Onların arasında 2022-2023-cü illərdə qondarma DQR-in "dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyan, qondarma qurumun "müdafiə ordusu komandanının birinci müavini" David Manukyan, "Dağlıq Qarabağın xarici işlər naziri" David Babayan, separatçı rejimin rəhbəri olmuş Araik Arutyunyan və başqaları var. Həmin şəxslərin hər biri cinayətkardır. Onların bu və ya digər formada Azərbaycanın mülki əhalisinə qarşı terror aktlarında, habelə müharibə zamanı mülki şəhərlərimizin atəşə tutulmasında əli var.
Yeri gəlmişkən, xatırladaq ki, vaxtı ilə A.Arutyunyan Gəncənin məhz onun əmri ilə bombalandığını etiraf etmişdi.
Adıçəkilən şəxslər arxayın idilər. Elə bilirdilər ki, cinayətləri cəzasız qalacaq. Ancaq 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində xunta rejimi ləğv olunandan sonra sözügedən terrorçular növbə ilə saxlanılaraq Bakıya gətirildi. Bu gün onlar təcridxanada barələrində çıxarılacaq məhkəmə qərarını gözləyirlər. Əminliklə söyləyə bilərik ki, Azərbaycanın mülki sakinlərinə qarşı cinayətlərdə əli olan şəxslər, şübhəsiz ki, layiqli cəzalarını alacaqlar.
Onu da xatırladaq ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın da Azərbaycana qarşı törətdiyi cinayətlərdə əli var. Perspektivdə rəsmi Bakı Ermənistan hakimiyyətindən adıçəkilən siyasətçilərin hər ikisinin Azərbaycana verilməsini tələb edə bilər.
Belə bir vəziyyətdə Paşinyan R.Vardanyan, D.Babayan, A.Arutyunyan kimi canilərə "hərbi əsir" deməklə nəinki qarşılıqlı etimad mühitinin yaranmasına mane olur, həm də sanki onlara bəraət qazandırmağa çalışır. Bu isə istər-istəməz belə düşünməyə əsas verir ki, Ermənistan hakimiyyəti cinayətkarları müdafiə edir.
Bir daha diqqətə çatdırmaq yerinə düşər ki, Azərbaycanda saxlanılan erməni cinayətkarlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar və cəzalarını alacaqlar. Beynəlxalq hüquq da bunu tələb edir. Odur ki, Ermənistan hakimiyyətinin özünü pis vəziyyətə salmasına, belə demək mümkünsə, "pis kişi" obrazına düşməsinə dəyməz. Bu, Ermənistanın özü-özünü ifşa etməsi, sülhlə bağlı dağıdıcı ritorikasını ortaya qoyması deməkdir.