İsrailin hava məkanının İranın raket hücumları səbəbilə bağlanmasından sonra ölkədə təxminən 40 min turist ilişib qalıb.
Bu barədə İsrailin Turizm Nazirliyi açıqlama yayıb.
Məlumata görə, nazirlik hazırda İsraildə olan turistlər üçün 24 saat fəaliyyət göstərən virtual informasiya ofisi yaradıb. Məlumat xidməti həm ivrit, həm də ingilis dillərində təqdim olunur.
Nazirlik bildirib ki, hotel və digər yerləşdirmə müəssisələri ilə əlaqə saxlanılıb və turistlərin yaşayış, logistika və digər ehtiyaclarının qarşılanması istiqamətində işlər görülür.
“Biz həmçinin turistlərə hazırda açıq olan İordaniya və Misir sərhədləri vasitəsilə İsraildən çıxmaq üçün mövcud variantları təqdim etməyə çalışırıq”, – deyə nazirliyin sözçüsü qeyd edib.