10 MAY Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (ADNSU) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. Həmin dövrdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.
Ruhun şad olsun Ümummilli lider, Ulu öndər.