Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünya baxışının formalaşması, yəni gələcəyin mütəxəssisinin ilk hazırlığı orta məktəb illərindən başlayır. Bu günün şagirdlərini gələcəyin ixtisaslı mütəxəssisi kimi qəbul etməliyik. Bu baxımdan qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan etmişdir, bu da təhsil sahəsinin bütün dünyada diqqət mərkəzində olduğunu göstərir.
Bu gün heç bir təmənna ummadan savadlı, layiqli insan yetişdirmək istəyən nə qədər müəllim tanıyıram. Adına və peşəsinə hörmət gətirən, həyatını dəyərli işinə həsr edən müəllimlərimiz az deyil. Bizim hər birimizin həyatında müəllim əməyi var və hər birimiz müəllim əməyinin, müəllim sevgisinin bəhrələriyik. Müəllim bizə həmişə mənalı həyat yaşamağı tövsiyə edir, çünki əsl müəllim həmişə yaxşı şagird - əsl insan yetişdirməyə çalışır.
Məhşur pedaqoq V.A.Suxomlinski "Yaxşı müəllim nə deməkdir" sualına belə cavab vermişdir: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər...
Müəllimlər övladlarımızı savadlı gələcəyə, xalqımızı işıqlı sabaha aparan şəxslərdir. Qoy övladlarımız bir vaxt öz müəllimlərindən ayrılanda gözləri dolmasa da, şair - pedaqoq Musa Yaqubun bu misralarını ürəkdən deyə bilsinlər:
Hamıya pay verib ömründən bir az,
Məndədir, səndədir
müəllim ömrü.
Peşə bayramınız mübarək Əziz Müəllimlər!
Yəhya Abbasov
244 saylı tam orta məktəbin direktoru