«Mənə bir hərf öyrədənin köləsi olaram». Bu sözlər Islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə, məslək uğrunda uca şəhidlik zirvəsinə yüksələn Həzrəti Əlinin öyrədənin - müəllimin əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.
Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir...
Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.
Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. Insan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. insanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngüliəşdirmişlər.
Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, «ana» kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın kəşməkəşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Sevimli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin - Nizaminin, Füzulinin, M.Ə.Sabirin, S.Vurğunun, C.Məmmədquluzadənin, H.Cavidin əsərlərinin incəliklərini öyrədiblər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.
Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır. Aşağıdakı misralarda şair insanların ilk müəllimləri ilə bağlı xoş arzularını səmimi şəkildə ifadə etmişdir:
Günəşə çatsa da nurlu taleyim,
Səninlə bağlıdır arzum, diləyim.
Nə bir dərdim olar, nə də bir qəmim,
Sən yüz il yaşasan, ilk müəllimim!
Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin uğurları müəllimlərimizə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır. Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru dəyərli və Əziz Gülnaz Kərimova! Sizi 5 Oktyabr - Peşə bayramı münasibəti ilə Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətlərinizə görə təbrik edirik. Hər daim var olasınız Əziz və dəyərli Gülnaz müəllimə!