Bu Şəhərdə

Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an

Tarix:Bu gün, 10:06
Baxış Sayı:413

ABŞ, Böyük Britaniya və Fransanın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verməsi, Kiyevin ATACMS və “Storm Shadow” raketlərini işə salması, Putinin nüvə doktrinasını yeniləməsi bir sualı aktuallaşdırdı: müharibənin arealı genişlənəcəkmi?

Ukrayna müharibəsi başlayandan etibarən Qərbin Kiyevə ilk dəfə belə bir icazə verməsinin təxminən iki ay sonra başlayacaq post-Bayden dövrünə - “Rusiya ilə masaya əyləşmək” çağırışı edən Trampın gəlişinə hazırlıq olduğu aydındır. Hər üç ölkənin – Qərbin bu gedişlə iki taktiki hədəfi var.

1. Trampın – respublikaçıların çağırışları Ukrayna müharibəsinin masada Rusiyanın xeyrinə - işğal edilmiş ərazilər üzərində rusların nəzarətinin ən azı de-fakto qəbul edilməsi - həll ediləcəyi gözləntisini yaradıb: Kiyevə verilən raketlərlə Rusiyaya hücum icazəsində ilk hədəf mümkün danışıqların pozulmasıdır;

2. Ukraynanın “əlinin gücləndirilməsi”: Bayden administrasiyası, London və Paris də anlayır ki, iki ay sonra Ağ Evə qayıdacaq Tramp Kiyevə yardımı dayandıracağı, yaxud azaldacağı təqdirdə, Moskva hərbi və diplomatik müstəvidə önə çıxacaq; onu da anlayırlar ki, hadisələrin bu istiqamətdə inkişafının önünü kəsmək o qədər də asan deyil; Rusiyaya maksimum zərbələr endirmək, xüsusilə Kurskda Ukrayna ordusunun “dözməsinə” nail olmaqla danışıqlar masasında Kiyevin mövqeyini gücləndirməyə, Moskva qarşısında zəbt edilən ərazilərin ən azı müəyyən qisminin mübadiləsi imkanını yaratmağa çalışırlar;

Lakin eyni hədəf ətrafında birləşən hər üç ölkənin öz maraqları da var.

ABŞ: Bayden Administrasiyası Tramp üçün “problemli miras” qoyur, xüsusilə Ukraynanın güzəştə məcbur edilməsi perspektivinin mümkünsə qarşısını almaq, yaxud ən azı çətinləşdirmək istəyir;

Böyük Britaniya: Ukraynada Rusiyanın qələbəsi Londonun Avrasiyada Moskvanın “qlobal güc” olmadığı planlarına ziddir; qələbə Rusiyanı “çoxqütblü dünya”da güclərdən birinə, ən azı hərbi baxımdan nəzarət edilməsi mümkün olmayan mərkəzinə çevirə bilər; İngiltərə müharibənin ilk mərhələsində Qərb ölkələrini Kiyevə dəstəyə sövq etməklə, eləcə də İstanbulda razılaşmanı son anda aradan qaldırmaqla bu perspektivin qarşısını aldı, indi Trampın gəlişi riskləri yenidən aktuallaşdırıb;

Fransa: Trampla Putinin Ukrayna üzərində anlaşması Paris üçün “öz evində məğlub olmaq” kimi bir şeydir; Makron Rusiyanın da iştirakı ilə Avropanın yeni təhlükəsizlik sistemini qurmaq istəyirdi və müharibənin başlanmaması üçün Moskvanın ABŞ/NATO-dan istədiklərini verməyə hazır idi, müharibənin başlanmasından sonra da buna çalışdı; Trampın gəlişindən sonra ruslarla amerikalılar razılaşarsa, bu, Parisin Vaşinqtonun təsirindən xilas olmaq, Avropanı yeni dünyada müstəqil güc mərkəzinə çevirmək planlarını ciddi şəkildə riskə atacaq;

Hadisələrin inkişafı Rusiyanın atacağı addımlardan asılı olacaq. Putin yenilənən nüvə doktrinasını təsdiqləməsi nəzəri olaraq, müharibənin Ukrayna sərhədlərini aşacağı – NATO-Rusiya toqquşmasına çevriləcəyini riskini aktuallaşdırdı. Doktrinaya edilən dəyişikliyə görə, “nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətlərinin hücumlarına nüvə silahı ilə cavab veriləcək”, yəni Rusiyaya atılan raketlərin istehsalçısı olan ölkələr də hədəfdədir. Putin də bəyan etdi ki, “bu andan etibarən Ukrayna münaqişəsi qlobal xarakter alır”.

Trampın gəlişindən öncə Ukraynaya hücum icazəsi verən Qərb ölkələrinin müharibə arealının genişlənməsi və Avropaya yayılması ssenarisi də seçimlərdən biri kimi gördüyü istisna edilməməlidir. Bu, təkcə Ukrayna müharibəsinin Rusiyanın arzuladığı istiqamətdə inklişaf etməsinin qarşısını almayacaq, həm də NATO-nun “təhlükəsizlik çətiri”ni gücləndirməklə, Trampın hərbi ittifaqa qarşı hansısa addım atması imkanlarını da azaldacaq. Ukrayna müharibəsi ilə “dirildilən” NATO-nun “ayaqda dayanması” təhlükənin miqyasından asılıdır.

Hərçənd, Rusiyanın nəzəri baxımdan, nüvə təhdidini reallaşdırsa da, praktiki olaraq, buna gedəcəyi ehtimalı azdır. Çünki:

- belə bir ssenari iki ay sonra hərbi və diplomatik müstəvidə gözlənilən üstünlüyü arxa plana keçirə;
- müharibəni danışıqlar masasına köçürmək istəyən Trampın önünü kəsə;
- Rusiyaya qarşı qlobal hücuma zəmin yaratmaqla, indiyə qədər əldə edilən hərbi üstünlükləri də təhlükəyə ata bilər;

Moskva nüvə təhdidini nəzəri olaraq irəli sürsə də, Trampın Ağ Evdə fəaliyyətə başlamasına qədər müharibə arealının genişlənməməsinə çalışacaq. Əvəzində Rusiya və Ukraynanın qarşılıqlı şəkildə raket hücumlarını intensivləşdirəcəyi, müharibənin daha dəhşətli olan növbəti, həm də həlledici ola biləcək mərhələsinin başlayacağı ehtimalı önə çıxır.

Bütün bunların fonunda Rusiyanın nüvə doktrinasını indi yeniləməsi Trampın “Ukrayna müharibəsi masada həll edilməlidir” iddiasını gücləndirə və prosesin Moskvanın maraqlarına uyğun məcraya yönəlməsini şərtləndirə bilər. Lakin qarşıdakı iki ayın həlledici müddət olacağı görünür, bu, təkcə Rusiya və Ukrayna üçün yox, həm də qlobal müstəvidə belədir.

Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI